“Yalta-2”yə doğru?| Qlobal diplomatiyada yeni ssenari

2025/07/1753974634.jpg
Oxunub: 920     10:40     01 Avqust 2025    
Rusiya iqtisadiyyatı illərlə sanksiyalar altında yaşadığı dövrdə onlara qarşı immunitet formalaşdırıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək hədəsini şərh edərkən bildirib.

“Biz uzun müddətdir ki, çoxsaylı sanksiyalar altında yaşayırıq. İqtisadiyyatımız saysız-hesabsız məhdudiyyətlər şəraitində fəaliyyət göstərir. Bu səbəbdən təbii ki, biz bu baxımdan müəyyən immunitet formalaşdırmışıq”, - deyə Peskov qeyd edib.

Ötən gün ABŞ prezidenti Ukraynada atəşkəs üçün on günlük müddət təyin etməsi ilə bağlı rəsmi Moskvanın susqunluğunu “çox məyusedici” adlandırmışdı. Halbuki bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Trampın bu ultimatumunu Rusiya-Amerika münasibətlərini birbaşa qarşıdurmaya aparacaq addım kimi dəyərləndirmişdi.

Buna baxmayaraq, Vladimir Putin “diplomatik etik qaydaları qoruyaraq” hədələri mətbuat katibi vasitəsilə sadəcə “kağız parçası” kimi kənara atıb. Bu da gözlənilən idi, çünki 3 iyulda keçirilən telefon danışığı zamanı Rusiya prezidenti ABŞ prezidentinə açıq və konkret bildirib ki, atəşkəs yalnız Ukrayna “nizamlanma” şərtlərinin hamısını qəbul etdikdən sonra mümkündür.

Əgər Trampın “ultimatumunun qüvvəyə minmə tarixi” 29 iyuldursa, o zaman Ukraynada atəşkəs üçün qoyulan son tarix, təxminən 1920-ci il Sevr müqaviləsinin imzalanmasının 105 illiyi ilə üst-üstə düşür. Ola bilsin ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da bu tarixi və eyni zamanda II Dünya Müharibəsinin başa çatmasının 80 illiyini nəzərdə tutur və deyir ki, Rusiya ilk dəfədir müharibəni müttəfiqlərsiz aparır.

Lavrovun bu müşahidəsini “lirizmə meyilli fikir” kimi qəbul etmək olar, amma bəs avqustun 10-u səhəri necə açılacaq? Əgər tətbiq ediləcək sanksiyaların Rusiya qərarlarına ciddi təsir göstərməyəcəyindən əmin deyilsə, Tramp hansı addımı atacaq? Axı, Peskov da əslində bu ehtimalı təsdiqləyir.

Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsində Donald Tramp təkcə özünü deyil, ilk növbədə ABŞ-nin beynəlxalq nüfuzunu sınağa çəkir. Vladimir Putin isə soyuqqanlılıqla onun və ABŞ-nin “mütləq nüfuzunu” taxtdan salır. Belə hallarda adətən “qalibi döyüş meydanı müəyyən edir”, amma bu ssenari ağılsızlıq olardı.

Elə təəssürat yaranır ki, Tramp və Putin tam şüurlu şəkildə, lakin çox təhlükəli bir “oyun” oynayırlar – vəziyyəti elə bir nöqtəyə gətirirlər ki, seçim nüvə müharibəsi ilə ehtiyatlı kompromis arasında qalacaq. Amma bu “qambit” nə qədər idarəolunandır və “şərəfli heç-heçə”nin şərti nədir? “Yalta-2”mi? Bəs “Çörçill” kim olacaq? Tramp bu sualı Britaniyanın Baş naziri Kir Starmerlə müzakirə edibmi? Yoxsa işə “Avropa üçlüyü” – Almaniya-Fransa-Böyük Britaniya qoşulacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yalta-2   Diplomatiya  


Bizi "telegram"da izləyin